Mən, Seyfəddin Mənsim oğlu Məmmədvəliyev 1936-cı ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşam. 1960-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1975-ci ildə isə M.Əliyev adına İncəsənət İnistitutunu bitirmişəm. 1960-1963-cü illərdə doğulduğum kənddə rəsm-rəsmxətt müəllimi işləmişəm. 1964-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışıram.
Bu keçən müddətdə müxtəlif mətbuat səhifələrində (“Azərbaycan irs” - 1999, “İrs”, “Elm və həyat”, “Advokat”, “Ulduz”, “İqbal”, “İrfan” topluları) yaradıcılığım işıqlandırılıb. 2000-ci ildə haqqımda Azərbaycan Dövlət Televiziyası tərəfindən “İki ömür” adlı televiziya filmi çəkilərək dönə-dönə nümayiş olunub. Türkiyənin “Saman yolu” telekanalı yaradıcılığımla bağlı geniş veriliş hazırlayıb. “Soltan Məhəmməd”, “Rəhil” əsərlərim Almaniyanın Berlin şəhərindəki İslam Mədəniyyəti Muzeyinin ekspozisiyasında saxlanılır. M.Füzulinin 500 illiyilə bağlı YUNESKO-nun xəttilə Fransanın Paris şəhərində keçirilən yubiley tədbirində şairə həsr etdiyim iki işim nümayiş olunub. Əlyazmalar İnstitutunun ekspozisiyasında Azərbaycanın on iki klassikinin adı ilə bağlı işlərim ardıcıl nümayiş etdirilir. Bir sıra işlərim Bakıda və dünyanın çeşidli ölkələrindəki şəxsi kolleksiyalarda saxlanılır. “Regionların inkişafı” İctimai Birliyi “İnsanlar, ağaclar” adı altında 24 əsərimdən ibarət açıqcalar toplusunu yüksək keyfiyyətlə buraxıb.
2007-ci il noyabrın 9-16-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin xəttilə Səudiyyə Ərəbistanında keçirilən “Azərbaycan Mədəniyyət Günləri” çərçivəsində təşkil olunan sərgidə iştirak etmişəm. Sərgidə nümayiş etdirilən işlərim böyük maraq doğurub, sənətsevərlər tərəfindən yüksək dəyərləndirilib.
Yenə də öz sevimli işimlə məşğulam.